“Müəllimlərin Attestasiyası yalnız attestasiya xətrinə keçirilməməlidir”.Bu sözləri Təhsil naziri Mikayıl Cabbarov deyib.Onun sözlərinə görə “Hər bir təhsil sisteminin gücü o sistemdə çalışan müəllimlərin səviyyəsindən yuxarı ola bilməz. Bu bir aksiomadır və bunu nəzərə alaraq qəbul etməliyik ki, müəllimlərin təkmilləşdirilməsi, biliklərinin artırılması hər zaman bizim diqqət mərkəzimizdə olmalıdır və olacaq. Təhsil Nazirliyinin məlumatına görə, attestasiyanın keçirilməsində məqsəd pedaqoji kadrların peşəkar inkişafı və stimullaşdırmadı. Müəllim nüfuzunun yüksəldilməsi,onların maddi təminatı, tədris prosesinin keyfiyyətinin qaldırılması isə həmin siyasətin tərkib elementi olacaq. Bəs görəsən, müəllimlər bu prosesə hazırdırmı? Attestasiyanın təhsil sistemində çox ciddi və əhəmiyyətli bir tədbir olduğunu vurğulayan Lənkəran Təhsil Şöbəsinin müdir müavini Güloğlan Bağırov isə bunun tələsik keçirilməsinin nəticəsiz olacağı qənaətindədir. Güloğlan Bağırovun sözlərinə görə, attestasiya təhsil işçilərinin peşəkarlıq səviyyəsinin qaldırmasına xidmət edən çox mühüm bir tədbir olmaqla yanaşı, eyni zamanda müəllimlərin maddi və mənəvi həvəsləndirməsinə xidmət etməlidir.Təhsil rəsmisi onu da bildirdi ki, attestasiyanın müsbət nəticə veməsini istəyiriksə, bunun üçün mükəmməl qaydalar olmalıdır.Qeyd edək ki, müəllimlərin və direktorların attestasiyadan keçirilməsi “Azərbaycan təhsilinin inkişafı üzrə milli starategiya”da nəzərdə tutulub. Sənəd təsdiq və tətbiq edildikdən sonra müvafiq mexanizmlər yaradılacaq və bu istiqamətdə işlərə başlanılacaq.